Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə könüllü gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə tanışlıq turu təşkil olunub.
Səfər zamanı gənclər “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə yaxından tanış olublar. Bələdçi tərəfindən abidənin tarixi, dini və mədəni əhəmiyyəti, ziyarətgahla bağlı rəvayətlər, eləcə də ərazidə yerləşən məkanlar barədə məlumatlar diqqətə çatdırılıb.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən gənclər ziyarətgah ərazisini gəzib, abidənin əzəmətini heyranlıqla seyr ediblər. Səfər zamanı müxtəlif fotoşəkillər çəkən könüllü gənclər həmin görüntüləri sosial şəbəkələrdə paylaşmaqla Naxçıvanın tarixi və turizm məkanlarının təbliğinə öz töhfələrini veriblər.